Bakıda “İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Daşkənd, 12 mart, АZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) müvafiq iş planına əsasən il ərzində dahi şairə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Martın 28-də AMM, Bakıdakı “Kaspi” qəzeti və Təhsil Şirkətinin birgə layihəsi çərçivəsində respublikamızın paytaxtında Azərbaycan və özbək alimlərinin iştirakı ilə “İmadəddin Nəsimi və özbək ədəbiyyati” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunacaq konfransda “Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin rolu”, “İmadəddin Nəsiminin əsərləri özbək dilində”, “İmadəddin Nəsimi sözünün qüdrəti”, “XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələr”, “İmadəddin Nəsimi və folklor”, “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri İmadəddin Nəsimi yaradıcılığı kontekstində”, “İmadəddin Nəsimi və özbək ədəbiyyatı”, “İmadəddin Nəsiminin fəlsəfəsi” mövzularında məruzələr dinləniləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd