SİYASƏT
Bakıda İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının rəsmi açılışı olmuşdur
Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də Bakıda, Heydər Əliyev Mərkəzində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının rəsmi açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş və Azərbaycanda dövlət uşaq siyasətini əks etdirən fotosərgi, eləcə də uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
“İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusuna həsr olunmuş tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etmişlər.
Noyabrın 12-dək davam edəcək beynəlxalq konfrans İSESCO ilə 2013-cü il mayın 29-da imzalanmış qarşılıqlı razılaşma sənədinə əsasən təşkil edilmişdir.