BAKIDA “KEÇİD İQTİSADİYYATI ÖLKƏLƏRİNDƏ AUDİTİN İNKİŞAF PROBLEMLƏRİ”NƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Konfransdan əvvəl iştirakçılar Fəxri xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.
Konfransı giriş sözü ilə Azərbaycan Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açdı.
Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov Azərbaycan Respublikası Prezidentinin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra Vahid Novruzov Azərbaycanda auditin on ildə keçdiyi inkişaf yolundan, milli audit sisteminin formalaşmasından söz açdı. O dedi ki, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və sərt planlı təsərrüfat sistemindən bazar münasibətlərinə keçidin təməl prinsiplərini özündə ehtiva edən sosial-iqtisadi inkişafın bitkin konsepsiyası yeni iqtisadi-mülkiyyət münasibətlərinin formalaşmasını və hüquqi tənzimlənməsini nəzərdə tutan mükəmməl qanunvericilik bazasının formalaşdırılması, sahibkarlığın ardıcıl inkişaf etdirilməsi, bank-maliyyə sistemlərinin sivil dünya təcrübəsi əsasında qurulması, investisiyaların qorunması, beynəlxalq əməkdaşlıq proseslərində ölkəmizin fəal iştirakına nail olunması Azərbaycanı iqtisadi inkişafın bütün əsas göstəricilərinə görə MDB dövlətləri arasında qabaqcıl mövqelərə çıxarmışdır. Bütün bunlar isə beynəlxalq maliyyə təsisatlarının Azərbaycanı sabit və dinamik inkişaf edən ölkə kimi tanımasına əsas yaratmışdır. Sevindirici haldır ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatın sürətlə inkişaf etdirilməsi, ölkəmizdə qeyri-neft sektorunun və özəl bölmənin tərəqqisinə qayğı göstərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Daha sonra natiq dövlət başçısının son vaxtlar imzaladığı bir sıra hüquqi-normativ aktlarda qarşıya qoyulan vəzifələrdən danışaraq bildirdi ki, bu, ölkəmizdə auditin inkişafı üçün yeni imkanlar açır.
Konfransda cəmiyyətin iqtisadi-sosial həyatında auditin rolu və əhəmiyyəti, onun qarşısında duran vəzifələr və onların həlli yolları barədə müxtəlif ölkələrin peşəkar audit qurumları rəhbərlərinin və audit mütəxəssislərinin iştirakı ilə işgüzar müzakirələr, əldə olunmuş təcrübə barədə fikir mübadiləsi aparıldı, müasir dünyada cərəyan edən qlobal iqtisadi proseslərdə auditin özünəməxsus yeri və mövqeyi müəyyənləşdirildi, auditin inkişafına mane olan problemlər müzakirə olundu.
Bildirildi ki, audit müstəqil Azərbaycan Respublikasının bazaryönümlü iqtisadi strukturları sistemində möhkəm yer tutmuş, özünü əsl mənada qərəzsiz maliyyə nəzarəti sistemi kimi təsdiqləmişdir. Bununla birlikdə müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən dövlət idarəetmə sistemində və bazar iqtisadiyyatına keçidin uğurlu həlli istiqamətində görülən işlər audit sistemini də təkmilləşdirmək vəzifəsini qarşıya qoyur.
Konfransda Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Namiq Nəsrullayev, ABŞ, Türkiyə, Qazaxıstan və Gürcüstandan konfransa dəvət edilmiş qonaqlar çıxış edərək, Azərbaycanın sosial-iqtisadi inkişafında auditin rolu və əhəmiyyətindən, əldə olunan müsbət təcrübədən danışdılar.
Beynəlxalq konfrans sentyabrın 16-da öz işini davam etdirmişdir.