BAKIDA MÜTLƏQ KATEQORİYADA KYOKUŞİNKAY KAYKAN ÜZRƏ BİRİNCİ DÜNYA ÇEMPİONATININ AÇILIŞI OLMUŞDUR
Bakı, 29 iyun (AzərtAc). İyunun 28-də Bakı İdman Sarayında kişilər və qadınlar arasında mütləq kateqoriyada kyokuşinkay kaykan karate üzrə birinci dünya çempionatının rəsmi açılışı olmuşdur.
Çempionatda Azərbaycan idmançıları ilə yanaşı İran, Əfqanıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Misir, Ukrayna, Norveç, Livan, Pakistan, Şri-Lanka, Monqolustan, Yaponiya, Koreya, Suriya, Çin, Finlandiya, Gürcüstan, Rusiya, İraq, Yunanıstan, Hindistan, Fransa, Böyük Britaniya, Avstriya, Şotlandiya, Almaniya, Polşa, Kolumbiya, Türkiyə, Latviya, Litva, Belarus və İordaniya karateçiləri də mübarizə aparacaqlar.
Yarışda Azərbaycan 10 idmançı ilə təmsil olunur.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanmışdır. Bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyev 1997-ci ildə MOK-a rəhbər seçiləndən sonra ölkəmizdə idman və bədən tərbiyəsi sürətlə inkişaf etməyə başlamışdır. Ölkəmiz dünya idmanının inkişafına da öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq idman yarışlarının, qitə və dünya çempionatlarının ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında uğurla çıxış etmişlər.
Açılış mərasimində Yaponiya Kyukuşinkay Federasiyasının Azərbaycandakı nümayəndəsi Mori Yuuki, Beynəlxalq Kyokuşinkay Federasiyasının prezidenti Teyyub Əzizov çıxış edərək Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərildiyini vurğulamışlar. Qeyd etmişlər ki, idmana bu cür qayğı Azərbaycana böyük uğurlar gətirəcəkdir.
T.Əzizov yarış iştirakçılarına uğurlar arzulayaraq çempionatı açıq elan etmişdir.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.
######
![]() |
![]() |

