İQTİSADİYYAT
Bakıda “Neft quyularının qazılması üçün texnologiyalar və xidmətlər” mövzusunda seminar keçirilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Azərbaycanda Norveç Günləri çərçivəsində “Caspian Drilling” şirkətinin və Norveç Krallığının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Neft quyularının qazılması üçün texnologiyalar və xidmətlər” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarda Norveç Krallığının ölkəmizdəki səfiri Erlinq Şönsberq çıxış edərək seminarın əhəmiyyətindən danışmış və iştirakçılara uğurlar arzulamışdır.
Sonra çıxış edən “Caspian Drilling” şirkətinin meneceri Riyad Babayev təmsil etdiyi qurum haqqında ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, artıq 17 ildir fəaliyyət göstərən “Caspian Drilling” Xəzər dənizinin qazma sənayesində qabaqcıl şirkət kimi tanınmışdır. Şirkətin əsas heyəti neft və qaz sənayesində 25-35 illik beynəlxalq təcrübəyə malik işçilərdən ibarətdir.
Qeyd olunmuşdur ki, Xəzər dənizi regionunda qazma əməliyyatlarının yerinə yetirilməsi məqsədilə “Dədə Qorqud” və “İstiqlal” yarımbatan qazma qurğuları şirkətin istifadəsinə verilmişdir. Şirkətin kəşfiyyat qazma əməliyyatları nəticəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları kəşf edilmişdir.
“Caspian Drilling”in əsas məqsədi təkcə Xəzər dənizi regionunda deyil, beynəlxalq neft və qaz layihələrində də iştirak etməklə özünü dünya miqyasında tanıtmaqdır.
Sonra “İNTSOK” şirkətinin regional direktoru Haakon Skrettinq Norveçin neft və qaz sənayesi haqqında təqdimatla çıxış etmişdir.
Seminarda “Aker Solutions”un Rusiya və Xəzər dənizi regionu üzrə direktoru Heikki Valitalonun “Aker Solutions Azərbaycanda-20 il” mövzusunda məruzəsi dinlənilmişdir.
“Oiltec Solutions AS”nın satış və marketinq üzrə direktoru Lars Namork isə “Qazmanın uçan simulyatoru. Qazma işçilərinin yeni metodlarla treyninqi” mövzusunda təqdimatla çıxış etmişdir.
Məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.