BAKIDA OMBUDSMANLARIN BEYNƏLXALQ KONFRANSI KEÇİRİLƏCƏKDİR
İyunun 9-da ombudsmanların 1-ci Bakı Beynəlxalq konfransı öz işinə başlayacaqdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatı və “Ümidli Gələcək” Gənclər Təşkilatının təşəbbüsü ilə hazırlanan tədbirin maliyyə xərclərini Avropa Birliyinin Komissiyası öz üzərinə götürmüşdür. “Ombudsmanın insan hüquqları və azadlıqlarının müdafiəsi üzrə vəzifələri” adlı layihə çərçivəsində keçiriləcək tədbirin məqsədi Qərbi və Şərqi Avropa, Asiya və Kanadanın ombudsmanları ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları arasında məlumat və təcrübə mübadiləsi aparmaq, təsisatın işini daha da təkmilləşdirmək üçün birgə təkliflər hazırlamaq, əhali arasında ombudsmanın fəaliyyətinə dair məlumat yaymaq, cəmiyyətin müxtəlif təbəqələrinin İnsan hüquqları üzrə müvəkkilə müraciət etmək qaydaları barədə bilgi verməkdir.Konfransda Avropanın müxtəlif ölkələrinin ombudsmanları ilə yanaşı, Beynəlxalq və Avropa ombudsmanları təsisatlarının, Asiya Ombudsman Assosiasiyasının prezidentlərinin iştirakı gözlənilir.İyunun 13-dək davam edəcək tədbir çərçivəsində respublikamızın 6 rayonunda əhalinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədi ilə seminarlar keçirmək də nəzərdə tutulur.