BAKIDA QADINLAR ARASINDA UNİVERSAL DÖYÜŞ ÜZRƏ DÜNYA ÇEMPİONATININ TƏNTƏNƏLİ AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 17-də Heydər Əliyev adına İdman- Konsert Kompleksində qadınlar arasında universal döyüş üzrə birinci dünya çempionatının təntənəli açılışı olmuşdur.
Açılış mərasimindən əvvəl yarış iştirakçıları Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Onlar görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş, abidəsi önünə gül düzmüşlər.
Yarışların təntənəli açılışı mərasimində Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti, Olimpiya çempionu Sergey Novikov çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulamışlar.
Vurğulanmışdır ki, son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyiş baş vermiş, ölkəmizdə bir çox beynəlxalq yarışlar yüksək səviyyədə keçirilmişdir. Prezident İlham
Əliyevin göstərişi ilə son illər ərzində respublikamızın bir çox bölgələrində olimpiya idman kompleksləri tikilmişdir.
Natiqlər bildirmişlər ki, ilk dəfə qadınlar arasında universal döyüş üzrə birinci dünya çempionatının Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildir. Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizdə idmanın inkişafına göstərilən hərtərəfli diqqət və qayğıdan xəbər verir.
Tədbirdə Sankt-Peterburq Dövlət Bədən Tərbiyəsi Universitetinin professoru Sergey Maksimoviç təmsil etdiyi təhsil ocağının ordenini Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənova təqdim etmişdir.
Gənc ifaçıların konsert proqramından sonra dünya çempionatı start götürmüşdür.
İki gün davam edəcək turnirdə 25 ölkədən 56 idmançı mübarizə aparır. Azərbaycan çempionatda 7 idmançı ilə təmsil olunur.
Qaydalara əsasən, yarışlar üç raunddan ibarətdir. Birinci raundda idmançılar müxtəlif maneələri dəf etməli, bıçaq və tapançadan atəşaçma məharətlərini göstərməlidirlər. Qaliblər isə növbəti iki raundda keçirilən döyüşdən sonra məlum olacaqdır.
Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov iştirak etmişdir.