BAKIDA RƏQƏMLİ TEXNOLOGİYALAR HƏFTƏSİ KEÇİRİLMİŞDİR
Tədbirin təşkilatçıları Bakı Biznes Mərkəzində həftənin yekunları ilə bağlı keçirdikləri mətbuat konfransında bildirmişlər ki, Bakı Dövlət Universitetində İNTEL-in kompüter texnologiyası sahəsində qazandığı son nailiyyətləri əks etdirən sərgisi açılmış, seminarlar keçirilmişdir. Tələbələrə müasir kompüterlərin köməyi ilə mürəkkəb dizayn və konstruksiyaların, sənəd və layihələrin hazırlanması yolları əyani nümayiş etdirilmişdir. Tədbirlər zamanı şirkət tərəfdaşları ilə birlikdə paytaxtımızın bir sıra sərgi satış salonlarında məhsullarını da nümayiş etdirmışdir. Həftənin əsas məqsədi isə ölkəmizdə kompüter texnologiyalarının daha geniş yayılması, ən son yeniliklərin öyrədilməsi, gənc mütəxəssislərin kompüter savadının artırılmasına kömək olmuşdur.
Tədbirin əsas təşkilatçılarından biri olan ULTRA şirkətinin baş direktoru Tahir Mirkişili AZƏRTAC-ın müxbirinə demişdir ki, 2003-cü ilin dekabrında İsveçrənin Cenevrə şəhərində keçirilmiş “İnformasiya cəmiyyəti üzrə ümumdünya sammiti”ndə Azərbaycan Prezidenti İlham Əliyev iştirak və çıxış etmiş, həmin beynəlxalq tədbirdən sonra dövlətimizin başçısının təşəbbüs və tapşırığı ilə ölkəmizdə milli informasiya və kommunikasiya texnologiyaları strategiyası işlənib hazırlanmışdır. Bu layihə ölkəmizdə uğurla həyata keçirilir. İndi Azərbaycan MDB-də, bütün Şərqdə ən mütərəqqi və geniş informasiya texnologiyalarına malik ölkələrdən biridir.