Bakıda şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən və fiziki şəxs Mahir Rauf oğlu Mehdiyevə məxsus olan “Alp Delux” şadlıq evində yoxlama keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.
Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.