BAKIDA ÜÇGÜNLÜK “AZPRİNTMEDİA-2004” BEYNƏLXALQ SƏRGİSİ ÖZ İŞİNƏ BAŞLADI
Böyük Britaniyanın İTE Group PLC şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı İteca Caspianın təşkil etdiyi sərgini respublika Ticarət və Sənaye Palatası, Azərbaycanda Sərmayələrin Təşviqi və Məsləhət Fondu rəsmi dəstəkləmişlər.
Sərginin açılış mərasimində çıxış edənlər iştirakçıları salamlamış, tədbirin əhəmiyyətindən danışmış, onun yerli və xarici şirkətlərlə işgüzar əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın genişlənməsinə, qabaqcıl təcrübədən bəhrələnməyə, bir sıra perspektiv layihələrin yaradılmasına və əlverişli sazişlərin bağlanmasına təkan verəcəyini bildirmişlər. Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar pavilyonlarla tanış olmuşlar.
Dünyanın 10 ölkəsindən 32 şirkətin qatıldığı sərgidə Azərbaycanın “İnci”, “Saf Plastik”, “İntellekt”, “Mac Center”, Türkiyənin “Budin”, “Huhtamaki”, “Bayındır Kırtasıyə”, “Acar”, İranın “Pelikan”, “İran Karton”, “Soltan Chap”, Rusiyanın “LUÇ” kimya zavodu, Ukraynanın “Folicom” və s. şirkətlərinin məhsulları daha çox diqqəti cəlb edirdi. Ötənilki sərgidən fərqli olaraq bu il çap, dəstləşdirmə və ehtiyat hissələri, kağız və karton, poliqrafiya, reklam-bəzək işləri üçün avadanlıq kimi ənənəvi bölmələrlə yanaşı, 2 yeni - qablaşdırma və dəftərxana ləvazimatı bölməsi də fəaliyyət göstərir. İştirakçı şirkətlərin bir neçəsinin təmsilçilərinin fikirlərini çatdırırıq:
Murad XƏLİLOV (Türkiyənin “Alfanorm” şirkətinin Bakı ofisinin əməkdaşı): Şirkətimiz Azərbaycanda və Gürcüstanda çap, naxışaçma, oyucu, kəsici texnikanın satışı ilə məşğul olur. Azərbaycanda fəaliyyət göstərdiyi il yarımda təqribən 40 texnika satılmışdır. İlk dəfədir belə bir sərgidə iştirak edirik.
İsrail YUSİFOV (“İnci” şirkətinin baş meneceri): 1996-cı ildən müstəqil fəaliyyət göstəririk və 70-ə yaxın müəssisə ilə müqaviləmiz var. İşimiz ofisləri dəftərxana ləvazimatı ilə təmin etməkdir. Daha çox neft şirkətləri ilə əməkdaşlıq edirik. Alıcılar malların keyfiyyətindən və qiymətindən razıdırlar.
Səidə MƏMMƏDOVA (“Siar” sosioloji araşdırmalar mərkəzinin baş meneceri): Mərkəzimiz 1992-ci ildən fəaliyyət göstərir, müxtəlif iqtiqamətlərdə, xüsusilə media sahəsində sosial araşdırmalar aparır, layihələr əsasında Azərbaycanda yayımlanan bütün televiziya və radio kanallarının nüfuzunu və reklam bazarlarını öyrənir.
Sərgi sentyabrın 10-da başa çatacaqdır.