BAKIDA UŞAQLARIN PEYVƏND OLUNMASI MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç mərasimdə iştirak etmişlər.
Xəstəxananın qarşısına toplaşan paytaxt sakinləri, ictimaiyyətin nümayəndələri, səhiyyə işçiləri dövlətimizin başçısını və maestronu böyük hörmət və ehtiramla qarşıladılar. Prezident İlham Əliyevə və Mstislav Rostropoviçə gül dəstələri təqdim olundu.
Prezident İlham Əliyev xəstəxanada yaradılmış Heydər Əliyev guşəsinə baxdı. Burada ümummilli liderimizin səhiyyəyə göstərdiyi diqqət və qayğını, ölkəmizdə istifadəyə verilən yeni səhiyyə obyektlərinin açılış mərasimlərində iştirakını, müstəqil Azərbaycan dövlətinin qurucusunun gənc nəslin sağlam böyüməsi üçün gördüyü mühüm işləri əks etdirən fotoşəkillər nümayiş etdirilir.
Dövlətimizin başçısı İlham Əliyev, maestro Mstislav Rostropoviç və ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş peyvənd otağına gələrək, 1 yaşlı Adil Quluzadənin və 6 yaşlı Ayan Əliyevanın peyvənd olunması prosesini müşahidə etdilər.
Prezidentə məlumat verildi ki, Vişnevskaya-Rostropoviç Fondu tərəfindən 2003-cü ildə başlanmış Milli Peyvənd Proqramı uşaqların üç ciddi infeksion xəstəlikdən - qızılca, parotit və məxmərəkdən qorunması üçün həyata keçirilir. Bu, eyni zamanda, yeni doğulmuş uşaqları anadangəlmə məxmərək sindromundan xilas edəcəkdir. Bütövlükdə, ABŞ-ın Kənd Təsərrüfatı Departamenti tərəfindən maliyyələşdirilən proqram üç il ərzində Azərbaycanda bir və altı yaşlı 750 min uşağın QPM vaksini ilə təmin olunmasını nəzərdə tutur. Bakı şəhərində aparılan QPM peyvənd proqramı müvəffəqiyyətlə həyata keçirilmişdir. Belə ki, 2003-cü ildə uşaqların 96 faizinə, bir yaşlı 24 minə yaxın uşağa qızılca, parotit və məxmərəyə qarşı peyvənd edilmişdir.
Azərbaycan, Rusiya Federasiyası və Gürcüstanda tətbiq olunan proqram mövcud səhiyyə infrastrukturları tərəfindən həyata keçirilir. Azərbaycanda vaksinlərin təhlükəsiz daşınması və saxlanması məqsədi ilə ölkənin bütün rayonlarına 191 ədəd soyuducu, bir o qədər generator və 336 ədəd termoçanta paylanmışdır. Proqramın həyata keçirilməsi müddətində Fond Dünya Səhiyyə Təşkilatının beynəlxalq standartlara cavab verən 316 min 668 ədəd QPM vaksini və 240 min ədəd özüməhvolan şprislərlə təmin edilmişdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Vişnevskaya-Rostropoviç Fondu tərəfindən həyata keçirilən vaksinasiya proqramının tətbiqinin genişləndirilməsi üçün ianə haqqında müqavilə imzalandı. Sənədi Azərbaycanın səhiyyə naziri Əli İnsanov və Vişnevskaya-Rostropoviç Fondunun prezidenti Mstislav Rostropoviç imzaladılar.
Daha sonra xəstəxananın qarşısında mərasim keçirildi. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.