BAKIDA ÜZEYİR MUSİQİ GÜNÜ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dünya şöhrətli həmyerlimiz, maestro Mstislav Rostropoviç musiqi günündə iştirak edirdi.
Mədəniyyət naziri Polad Bülbüloğlu tədbiri açaraq dedi ki, Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin doğum günündə musiqi bayramı keçirilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu günü Üzeyir musiqi günü elan etməklə həmin bayrama rəsmi status vermişdir. Həmyerlimiz, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç məhz Üzeyir musiqi günündə iştirak emək üçün Bakıya gəlmişdir. O, bu gün Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə birlikdə konsert verəcəkdir.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli çıxışında bildirdi ki, biz bilavasitə Üzeyir bəydən dərs almasaq da, özümüzü onun tələbələri sayırıq. Gələn il dahi Üzeyirin 120 illiyi tamam olur. Biz hər il növbəti musiqi bayramını Şuşada keçirmək arzumuzu dilə gətiririk. Bu gün də istisna deyildir. Arzum budur ki, 2005-ci ildə Üzeyir musiqi gününü Şuşada - Cıdır düzündə keçirək. İnşallah, bu, belə də olacaqdır.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi professor Ramiz Zöhrabov vurğuladı ki, təmsil etdiyi qurumu da Üzeyir Hacıbəyov yaratmışdır. O, dahi bəstəkarın - hər bir xalq öz bəstəkarından ona yaxın, doğma musiqi dilində yazmağı tələb edir - tövsiyəsini xatırladaraq dedi ki, inanıram bəstəkarlarımız buna dönmədən əməl edəcəklər.
Maestro Mstislav Rostropoviç bayram iştirakçılarını Azərbaycan dilində salamlayaraq dedi ki, gündən-günə gözəlləşən doğma Bakını çox sevirəm. Bakıda saysız dostlarım var. Sentyabrın 18-i hamımız üçün əziz gündür və mən həmin gün Vətənə gəlib dostlarımla görüşürəm.
Dünya şöhrətli musiqiçi atası Leopold Rostropoviçin Üzeyir bəylə, özünün ümummilli lider Heydər Əliyevlə dostluğunu xatırlatdı, dahi bəstəkarla ilk görüşünü yada saldı.
Sonra Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun “Uvertüra”, “Ey vətən”, “Heyratı” əsərləri, Müslüm Maqomayevin “RV-8” radiomarşı səsləndi.
X X X
Musiqi bayramının iştirakçıları sonra Fəxri xiyabana gələrək, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirdilər, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edildi, məzarı üzərinə tər güllər düzüldü.
Sonra Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin məzarları üzərinə əklillər, maestro Niyazinin, Tofiq Quliyevin, Rəşid Behbudovun qəbirləri üzərinə güllər qoyuldu. Dövlət Xor Kapellası Üzeyir bəyin məzarı önündə onun məşhur “Şəbi-hicran”ını ifa etdi.
Üzeyir musiqi günü Dövlət İncəsənət Muzeyinin həyətində, Xurşud banu Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün Şuşada güllələnmiş heykəllərinin yanında davam etdirildi.
Yaralı heykəllərin önünə tər güllər düzüldü. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları və musiqiçilərinin ifasında Şahmar Əkbərzadənin “Güllələnmiş heykəllərə” şeiri, Süleyman Ələsgərovun Şıxəli Qurbanovun sözlərinə yazdığı “Şuşam” mahnısı, “Qarabağ şikəstəsi” səsləndi.