Bakıda vətəndaşların bank kartlarından oğurluqlar edən şəxs saxlanılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bank kartlarından oğurluq edən daha bir nəfər 1973-cü il təvəllüdlü Rövşən Rəhimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı onun bankomatların yanında dayanaraq “yardım” etmək adı ilə pul çıxaran vətəndaşlara yaxınlaşdığı, sonra onların kart məlumatlarını əldə etdiyi və hesabda olan vəsaitləri ələ keçirdiyi məlum olub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı isə bank kartlarından müxtəlif üsullarla oğurluqlar edən 2000-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Vilad Əliyev saxlanılıb. Onun ümumilikdə rayonun müxtəlif qəsəbələrində 5 nəfərin kart məlumatlarını ələ keçirərək pul vəsaitlərini taladığı müəyyənləşdirilib.
Polis əməkdaşlarının növbəti əməliyyat tədbiri zamanı bank kartlarından oğurluq edən Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Ramil Salmanov da saxlanılıb. Onun ümumilikdə 5 nəfərə qarşı kiberdələduzluq əməllərinə yol verdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
Polis əməkdaşları kibertalama və kiberdələduzluq hallarına qarşı mübarizə tədbirlərini davam etdirirlər.