Bakıda xırdabuynuzlu heyvanların taunu və dabaq xəstəliklərinə dair beynəlxalq tədbir başa çatıb
Bakı, 28 aprel, AZƏRTAC
“İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda Bakıda təşkil olunan beynəlxalq tədbir yekunlaşıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə bir sıra məsələlər razılaşdırılıb və müvafiq müddəalar yekun sənədlərə daxil edilib. Bunlara vaksinlərin dövriyyəsinə, keyfiyyətinə və effektivliyinə nəzarətin gücləndirilməsi və ölkələrarası vaksinasiya proqramlarının hormonizasiyasının yaradılması, xəstəliklərin epizootik vəziyyəti barədə informasiya mübadiləsinin genişləndirilməsi, xəstəlikdən azadolma üzrə mərhələli nəzarət proqramının icrasında Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun təşkilatçılığının yaxşılaşdırılması, epizootoloji nəzarət məqsədilə elektronlaşmanın və proseslərin avtomatlaşdırılmasının inkişaf etdirilməsi, baytarlıq nəzarəti sisteminin gücləndirilməsinə beynəlxalq donorların cəlb olunması, mütəxəssislərin peşəkarlığının artırılması və ictimai məlumatlılığın artırılması kimi məsələlər daxildir.
Həmçinin iştirakçılar və beynəlxalq ekspertlər tədbir yüksək səviyyədə təşkil olunduğuna görə minnətdarlıq ifadə ediblər. Eyni zamanda, tədbir çərçivəsində ölkəmizin 3 il müddətinə ÜHST-nin dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun rəhbəri seçilməsindən böyük gözləntilərinin olduğunu, eləcə də regionda bu sahədə mühüm irəliləyişlərin olacağına ümid etdiklərini bildiriblər. Onlar Azərbaycanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən ilk dəfə olaraq xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması ilə bağlı ÜHST-yə müraciət etməsini də yüksək qiymətləndiriblər və bunun digər ölkələr üçün nümunə olduğunu vurğulayıblar.
Qeyd edək ki, “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda tədbir Qida Təhlükəsizliyi Agentliyi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Suriya, İran və İraqdan olan nümayəndələr iştirak edib. Xırdabuynuzlu heyvanların taunu xəstəliyinə (PPR) və dabağa dair regional məsləhətləşmə PPR dabaq üzrə fəaliyyət planını və onun əsas elementlərini təqdim etmək, həmçinin ECO regionunda PPR-nin aradan qaldırılmasında irəliləyişə nail olmaq üçün prioritet addımları və yanaşmaları müəyyən etmək məqsədilə təşkil olunub.