BAKIDA YUBİLEY SƏHİYYƏ SƏRGİSİ AÇILMIŞDIR
Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov açılış mərasmində çıxış edərək, Azərbaycan təbabətinin nailiyyətlərinin göstərilməsi və ölkə səhiyyəsinə yeni texnologiyaların, sərmayələrin cəlb olunması üçün belə bir sərginin keçirilməsinin əhəmiyyətindən danışdılar. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq, yeni tibb müəssisələrinin açılması planlaşdırılır, sərgiyə çıxarılan müasir tibb avadanlığının alınması isə bu müəssisələri ən yüksək səviyyədə təchiz etməyə imkan verəcəkdir. Sərgidə iştirak edən Azərbaycan şirkətlərinin sayı da ildən-ilə artır.
Sərgi çərçivəsində iştirakçı şirkətlər tərəfindən təşkil olunmuş təqdimat mərasimləri və seminarlar, habelə “Müasir psixotrop vasitələr – yeni terapevtik imkanlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir. Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və Almaniyanın 150-dən artıq psixiatrının iştirak edəcəyi konfransda nevrozların, stres psixi pozuntuların terapiyası problemləri, müasir psixiatriyada işlədilən medikamentoz vasitələrin təsirinin müxtəlif xüsusiyyətləri müzakirə olunacaqdır.
Sərgi sentyabrın 17-də başa çatacaqdır.