Bakıdakı Rus evi Gözdən Əlillər Cəmiyyətinə Brayl əlifbası ilə kitablar hədiyyə edib
Bakı, 1 fevral, AZƏRTAC
Bakıdakı Rus evi Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası ilə birlikdə Azərbaycanın Gözdən Əlillər Cəmiyyətinə Brayl əlifbası ilə kitablar hədiyyə edib.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Rus evinin rəhbəri İrek Zinnurov və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev görmə qabiliyyətini itirmiş və ya zəif olan şəxslərin informasiya-kommunikasiya texnologiyalarına geniş əlçatanlığının təmin edilməsi məsələlərinə toxunub, bu istiqamətdə gələcək əməkdaşlıq məsələlərini müzakirə edib, uşaqlar üçün intellektual oyunlar, ədəbi-musiqili axşamlar kimi birgə mədəni tədbirlərin təşkili imkanlarından bəhs ediblər.
Sonra Gözdən Əlillər Cəmiyyətinə görmə qabiliyyətini itirmiş şəxslər üçün xüsusi ədəbiyyat, həmçinin rus dilində bədii əsərlər, o cümlədən klassik ədəbiyyat nümunələri, müasir rus müəlliflərinin kitabları, dərs vəsaitləri və metodik materiallar təqdim edilib.