Balakəndə yeni intensiv bağlar salınacaq, ixrac potensialı artacaq - REPORTAJ
Balakən, 2 iyul, AZƏRTAC
Hazırda Balakən rayonunda 13500 hektar meyvə bağı var və bunun 310 hektarını intensiv bağlar təşkil edir. Ötən il rayonda 40 min ton meyvə istehsal olunub, builki hədəf isə 50 min tondur. Balakən meyvələrinə xarici bazarlarda tələbat böyük olduğundan, sahələrdən yığılan məhsulun müəyyən hissəsi ixraca yönləndirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əsas istiqamətlərdən biri də yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsidir. Bu hədəfə çatmaq üçün Balakən fermerləri də səylə çalışırlar. Builki məhsulu yerli bazarlarla yanaşı, xarici ölkələrə də ixrac edən fermerlər növbəti illərdə yeni intensiv bağların salınmasını və məhsuldarlığın artırılmasını planlaşdırırlar.
Hazırda rayonun intensiv bağlarında meyvə yığımı prosesi həyata keçirilir. Belə təsərrüfatlardan biri Qabaqçıl qəsəbəsinin Qanıx çayı vadisində yerləşir. Fermer Məhəmməd Omarov altı il əvvəl intensiv bağların salınması istiqamətində işlərə başlayıb. İlk il fəaliyyətə 5 hektarla başlayan fermer növbəti iki ildə bağ təsərrüfatının sahəsini 36 hektara çatdırıb. İndi Məhəmməd Omarovun təsərrüfatında yeddi növ meyvə yetişdirilir və gün ərzində 150-200 nəfər işlə təmin olunur. Fermerlə elə təsərrüfatında, iş başında görüşürük.
“Son illər Balakəndə meyvə bağlarının sahəsi bir neçə dəfə artırılıb. Xüsusən intensiv bağçılıq biz fermerlərin daha çox maraq göstərdiyi, sərmayə yatırdığı sahələrdəndir. Havaların qeyri-sabit keçdiyi bu günlərdə təsərrüfatlarda meyvə yığımı davam edir. İndiyə kimi gilas və albalı yığılıb. Hazırda isə şaftalı, ərik və gavalının yığım prosesi həyata keçirilir”, - deyən fermer əlavə edir ki, builki təsərrüfat ilində hava şəraiti hər gün, bəzən hər saat dəyişdiyindən meyvələrin yetişməsi və yığılması bir çox çətinliklər yaradır. Xüsusilə may və iyun aylarında yağan leysan və dolu təsərrüfata ciddi zərər vurub.
Dadı və keyfiyyətinə görə tək yerli bazarlarda deyil, həm də xarici ölkələrdə Balakən meyvələrinə böyük tələbat olduğunu deyən təsərrüfat rəhbəri son beş ildə ilk dəfədir ki, bu qədər meyvə itkisi ilə qarşılaşdıqlarını bildirir. Fermer növbəti il dolu və güclü leysanların qarşısını almaq məqsədilə təsərrüfatında doludağıdan qurğu yerləşdirmək haqqında düşünür.
Məhəmməd Omarov dövlət başçısının kənd təsərrüfatının inkişafına dair imzaladığı Dövlət Proqramı ilə yaxından tanış olduğunu və növbəti iki il ərzində daha müasir intensiv bağların salınmasına başlayacaqlarını deyir: “Məhsullarımıza tələbat böyükdür. Ona görə də qarşıdakı payız aylarından başlayaraq 15 hektar sahədə daha müasir və bütün texniki tələblərə cavab verən bağların salınmasına başlayacağıq”.
Meyvə bağlarından ayrılıb məhsulun çeşidləndiyi əraziyə gəlirik. Burada qızğın iş gedir. Çeşidləmə prosesini izlədiyimiz zaman məlumat verilir ki, doludan zərər görməyən meyvələr həssaslıqla və diqqətlə yoxlanıldıqdan sonra xüsusi qablaşdırılır.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktor əvəzi Elvin Səmədov rayonun aqrar sektorunda intensiv meyvəçiliyə marağın artdığını, bu sahədə yüzlərlə insanın çalışaraq öz maddi gəlirlərini yüksəltdiyini deyir: “Balakən rayonunda 13500 hektar sahədə meyvə bağları var. Son dövrlər fermerlərin intensiv bağlara marağı artıb və hazırda belə bağların sahəsi 310 hektara çatdırılıb. Təkcə 2026-cı ildə fermerlərimiz tərəfindən 25 hektarda yeni intensiv bağlar salınıb”. Elvin Səmədov onu da qeyd edib ki, ötən il bağlardan 40 min ton məhsul toplanıb, bu il isə 50 min ton meyvənin yerli və xarici bazarlara çıxarılması planlaşdırılır.
Balakən DAİM-in nümayəndəsi, həmçinin əlavə edib ki, intensiv meyvə bağlarında 300-350 nəfər daimi, mövsüm dövründə isə min nəfərdən çox insan işə cəlb olunur. Diqqəti cəlb edən məqam budur ki, son vaxtlar sakinlərin yeni intensiv bağların salınmasına marağı ildən-ilə artır. Bu səbəbdən onlar maarifləndirici tədbirlərə cəlb olunur, eyni zamanda, təcrübə mübadiləsi proqramlarına dəvət edilərək bu sahədə bilik və bacarıqları artırılır. DAİM rəsmisi payız aylarında rayon ərazisində köhnə bağların təmizlənərək yerində ilkin olaraq 12 hektar yeni intensiv meyvə bağlarının salınmasının nəzərdə tutulduğunu da bildirib.
Elvin Səmədov kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramının icrası istiqamətində rayon fermerləri ilə davamlı məlumatlandırma və maarifləndirmə söhbətlərinin aparıldığını vurğulayıb. Fermerlərə intensiv bağçılıqla bağlı proqramda müəyyən edilən əsas istiqamətlər izah olunur - infrastrukturun genişləndirilməsi, xüsusilə ixracyönümlü intensiv meyvə bağlarının və istixana komplekslərinin ərazisinin artırılmasının prioritet təşkil etdiyi diqqətə çatdırılır.
Direktor əvəzi qarşıdakı bir neçə ildə rayonda müasir texnologiyaların tətbiqi, iqlimədavamlı bitkiçilik modellərinin yaradılması, suya qənaət edən müasir suvarma sistemlərinin və yeni aqrotexnologiyaların bağçılıqda genişləndirilməsi istiqamətində ciddi addımlar atılacağını qeyd edib. Bu tədbirlər intensiv bağçılıq təsərrüfatlarının məhsuldarlığının artırılmasına, sertifikatlaşdırma, brendləşmə və xarici bazarlarda mövqenin gücləndirilməsinə xidmət edəcək. O da bildirilib ki, payız aylarından başlayaraq fermerlərlə mütəmadi görüşlər keçiriləcək və Dövlət Proqramından irəli gələn məsələlər mütəxəssislərin iştirakı ilə onların diqqətinə çatdırılacaq, ehtiyac yarandıqda birgə addımlar atılacaq.
Müxbir - Rasim İslamoğlu