Astanada Çinin müasir ipəkçilik sənətinin beynəlxalq sərgisi açılıb
Astana, 2 iyul, AZƏRTAC
Astanadakı Qazaxıstan Respublikası Milli Muzeyində “Möhtəşəm ipək: Çinin müasir ipəkçilik sənəti” adlı beynəlxalq səyyar sərginin təntənəli açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu genişmiqyaslı mədəni layihə Çin İpək Muzeyi, Huçjou Muzeyi və Turpan Muzeyi ilə birgə təşkil edilib.
Çin Milli İncəsənət Fondu tərəfindən dəstəklənən sərgidə müasir çinli rəssamların, sənətkarların və moda dizaynerlərinin təxminən 100 əsəri nümayiş olunur.
Ekspozisiyada ənənəvi ipəktoxuma, tikmə, boyama və unikal “kesi” toxuması texnikalarından istifadə etməklə yaradılan əsərlər, həmçinin klassik sənətkarlıqları rəqəmsal texnologiya və virtual reallıq elementləri ilə birləşdirən innovativ layihələr nümayiş etdirilir.
Təşkilatçılar vurğulayırlar ki, İpək Yolu dövründə bu material Şərq ilə Qərb arasında güclü mədəni və ticarət əlaqələrinin təməli rolunu oynayıb. Qazaxıstanın mədəni həyatında əlamətdar hadisə olan bu layihə beynəlxalq mədəni dialoqu daha da inkişaf etdirməyi və ölkələr arasında humanitar əməkdaşlığı gücləndirməyi hədəfləyir.