Gənc bioloqlar üçün yay təlim düşərgəsi təşkil olunub
Bakı, 2 iyul, AZƏRTAC
Biologiya fənni üzrə olimpiadalara hazırlaşan şagirdlər üçün yay təlim düşərgəsi təşkil edilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, düşərgə biologiya üzrə beynəlxalq olimpiada komandasının rəhbəri və təcrübəli mentor Elxan Tahirovun, həmçinin beynəlxalq olimpiadaların keçmiş qalibləri Kənan Orucəliyev, Mətin Muradlı, Məmmədəmin Səlimli və Əhməd Əhmədlinin rəhbərliyi ilə keçirilir.
Təlim düşərgəsinin əsas məqsədi şagirdlərin biologiya sahəsində nəzəri biliklərini möhkəmləndirmək, praktiki bacarıqlarını inkişaf etdirmək və onları beynəlxalq olimpiadalara daha səmərəli hazırlamaqdır.
Proqram çərçivəsində iştirakçılar üçün nəzəri və praktiki məşğələlər təşkil olunur. Dərslərdə biologiyanın müxtəlif istiqamətləri üzrə mövzular tədris edilir, laboratoriya şəraitində təcrübələr aparılır, şagirdlər elmi-tədqiqat fəaliyyətinin əsasları ilə tanış olurlar.
Laboratoriya məşğələləri iştirakçıların eksperimental bacarıqlarının formalaşdırılmasına, müşahidə və analiz vərdişlərinin inkişaf etdirilməsinə xidmət edir. Bu hazırlıq beynəlxalq biologiya olimpiadalarında tələb olunan nəzəri və praktiki biliklərin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.