Vüqar İskəndərov: YAP ilə Çin Kommunist Partiyası arasında münasibətlər ən yüksək səviyyədədir
Pekin, 2 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) ilə Çin Kommunist Partiyası (ÇKP) arasında münasibətlər bu gün ən yüksək səviyyədədir. Buna Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri, ÇKP-nin Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinin rəhbərliyi ilə ölkələrimiz arasında formalaşmış hərtərəfli strateji tərəfdaşlıq mühüm zəmin yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Çində səfərdə olan YAP nümayəndə heyətinin rəhbəri, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, 2024-cü ilin noyabrında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Çinə səfəri çərçivəsində partiyalararası əməkdaşlıq memorandumunun imzalanmasının tərəfdaşlığımızı keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəltdiyini deyib. “Biz partiyalararası əməkdaşlığımıza böyük dəyər veririk və əminik ki, bu əməkdaşlıq yeni birgə layihələr və təşəbbüslərlə daha da zənginləşərək, uğurla inkişaf edəcəkdir”, - deyə Vüqar İskəndərov bildirib.
Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Şanxay şəhərində “Çinin sosial-iqtisadi inkişafına dair 15-ci beşillik proqram və Çin üslublu modernləşmə” və “Kadrların hazırlanması və partiyanın gənclər siyasəti” mövzusunda seminarlarda iştirak edib. Həmçinin heyətin Çensyan və Şasi şəhər tipli qəsəbələrə ziyarəti təşkil olunub. Daha sonra Pekin şəhərinə səfər edən nümayəndə heyəti əvvəlcə ÇKP beynəlxalq əlaqələr şöbəsinin Avrasiya departamenti direktorunun müavini Syu Çinsian ilə görüşüb, həmçinin Partiya üzvlüyünün 50 illiyi tamam olan ÇKP üzvlərinin təltif olunması mərasimində iştirak edib.
YAP nümayəndə heyətinin rəhbəri Vüqar İskəndərov təltif olunanları təbrik edib və ÇKP-nin yaradılmasının 105 illiyinin qeyd olunduğu günlərdə belə bir tədbirin baş tutmasının böyük rəmzi məna kəsb etdiyini bildirib: “Bu illər ərzində partiya şərəfli və zəngin inkişaf yolu keçib, müasir Çinin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Bu gün Çinin iqtisadiyyat, elm, texnologiya, yoxsulluğun aradan qaldırılması və dövlət idarəçiliyi sahələrində əldə etdiyi nailiyyətlər bütün dünyada böyük rəğbət və hörmətlə qarşılanır”, - deyə V.İskəndərov qeyd edib.
YAP nümayəndə heyətinin rəhbəri siyasi partiyalar arasında təcrübə mübadiləsinin qarşılıqlı anlaşmanın dərinləşməsinə, etimadın möhkəmlənməsinə və müasir dövrün çağırışlarına effektiv həll yollarının tapılmasına mühüm töhfə verdiyini vurğulayıb.
Vüqar İskəndərov ÇKP Mərkəzi Komitəsi beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Sun Haiyan ilə də görüşdə səfərin bütün heyət üzvlərində dərin təəssürat yaratdığını bildirib. Bu cür səfərlərin partiyalararası əlaqələrin inkişafında mühüm rolu vurğulanıb. Xanım Sun Haiyan YAP nümayəndə heyətinin keçirdiyi görüşlərdə və iştirak etdiyi seminarlarda faydalı fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.
Səfər çərçivəsində nümayəndə heyəti Hebey əyalətində dövlət səviyyəli yeni Syunyan rayonuna baş çəkib.