Yanğın riskini azaltmaq üçün torpaq sahibləri nə etməlidirlər?
Göyçay, 2 iyul, AZƏRTAC
Yay mövsümündə havaların isti və quraq keçməsi avtomobil yollarının kənarında yerləşən əkin sahələrində yanğın riskini artırır. Qurumuş ot və kol-kos ehtiyatsızlıq nəticəsində baş verə biləcək yanğınların qısa müddətdə geniş ərazilərə yayılmasına səbəb ola bilər.
AZƏRTAC-ın bölgə müxbirinin bununla bağlı Göyçay rayonundan hazırladığı reportajı təqdim edirik:
Hazırda rayonda taxıl biçini sürətlə davam edir və bu proses fonunda yanğın təhlükəsizliyi qaydalarına riayət olunması xüsusi önəm daşıyır. Ötən illərin təcrübəsi göstərir ki, biçindənsonrakı dövrdə baş verə biləcək yanğının qarşısının alınmasında ictimai qınaqla yanaşı, vətəndaş məsuliyyəti də mühüm rol oynayır. Məhz bu məsələyə toxunan rayon sakini, sürücü Əlibala Əsgərov yol kənarındakı əkin sahələrinin vaxtında şumlanmasının yanğın riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzi torpaq sahibləri sahə kənarlarının şumlanmasını bələdiyyə və ya icra nümayəndəliklərindən gözləyirlər, halbuki bu proses dövlət qurumlarının deyil, birbaşa mülkiyyətçinin öz məsuliyyətindədir.
Ə.Əsgərov onu da bildirib ki, hərəkətdə olan avtomobillərdən atılan siqaret kötükləri və ya şüşə qırıntıları quru otların alovlanmasında əsas amillərdir. Bu baxımdan, magistral yolların kənarında yerləşən torpaq sahələrinin sahibləri ərazilərini vaxtında şumlamalı və mütləq qaydada yanğından mühafizə zolaqları yaratmalıdırlar. Sürücü sonda hər bir vətəndaşın öz məsuliyyətini dərk edəcəyi təqdirdə bu növ yanğınların qarşısını tamamilə almağın mümkün olacağını diqqətə çatdırıb.
Fermer Famil Nəsirov isə taxıl biçini mövsümündə yanğın təhlükəsinin qarşısının alınması üçün sahələrin vaxtında şumlanmasının vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, biçin başa çatdıqdan sonra hər bir torpaq sahibi əkin sahəsinin ətrafında yanğına qarşı xüsusi mühafizə zolağı yaratmalıdır.
Onun sözlərinə görə, magistral yollarda hərəkətdə olan avtomobillərdən atılan siqaret kötüyü, şüşə və ya plastik butulkalar quru otların alışmasına asanlıqla səbəb ola bilər. Belə hallarda alov qısa müddətdə geniş əraziyə yayılaraq digər əkin sahələrinə də ciddi ziyan vurur.
Təhlükəsizlik tədbirlərinin önəmini qeyd edən fermer bu baxımdan yanğın riskinin minimuma endirilməsinin ilk növbədə, mülkiyyətçilərin məsuliyyəti olduğunu bildirib. Sahələrin vaxtında şumlanması həm yığılmış məhsulun, həm də qonşu sahələrin yanğından qorunmasına da xidmət edir.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində taxıl biçininin operativ, vaxtında və itkisiz başa çatdırılması, eləcə də biçindən sonra əkin sahələrinin vaxtında şumlanmasının təmin edilməsi məqsədilə operativ qərargah yaradılıb. Mərkəzin Bitkiçilik sektorunun müdiri Famil Nəbiyev bildirib ki, qurumun fermerləri mühafizə şumu aparmağa məcbur etmək səlahiyyəti yoxdur. Bununla belə, biçin mövsümündən əvvəl, biçin dövründə və biçindən sonra fermerlərlə mütəmadi maarifləndirici görüşlər keçirilir. Onun sözlərinə görə, fermerlərə magistral avtomobil yollarının kənarında və iri taxıl sahələrində qoruyucu şum zolaqlarının yaradılması tövsiyə olunur. Baş verən yanğınlar təkcə yetişdirilən məhsula deyil, həm də torpağın münbitliyinə, flora və faunaya ciddi ziyan vurur. Bu baxımdan, biçindən sonra mühafizə şumunun aparılması yanğınların qarşısının alınmasında ən təsirli tədbirlərdən hesab olunur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, avtomobil yollarının çiyin hissələrində qurumuş ot və kol-kos mütəmadi olaraq təmizlənir. Məqsəd nəqliyyat vasitələrindən atılan siqaret kötüklərinin və digər tezalışan maddələrin yanğına səbəb olmasının qarşısını almaqdır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək cərimə oluna bilər.
Mütəxəssislər bildirirlər ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji, həm aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağa ziyan dəyir, faydalı mikroorqanizmlər məhv olur. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşə-mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.
Müxbir- Rəşad Türkoğlu