Bakının daha iki yolunda təmir işləri aparılır, hərəkət məhdudlaşdırılır
Bakı, 2 iyul, AZƏRTAC
Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə daha iki yol sahəsində təmir işləri həyata keçirilir. Bununla əlaqədar həmin küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Xan Şuşinski küçəsində Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək olan hissədə iyulun 2-də saat 10:00-dan iyulun 4-ü saat 07:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Həmçinin Hüseyn Cavid prospektində Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək olan hissədə bu gün saat 10:00-dan sabah saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Yolun həmin hissəsində iyulun 3-də saat 22:00-dan iyulun 6-sı saat 07:00-dək isə nəqliyyatın hərəkəti tam dayandırılacaq.
Sürücülərə təmir işləri aparılan müddətdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ marşrutlardan istifadə etmələri və müvəqqəti yol hərəkəti nişanlarının tələblərinə əməl etmələri tövsiyə olunur.