Azərbaycan–Avropa İttifaqı münasibətləri: strateji tərəfdaşlığın genişlənən geosiyasi çərçivəsi
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan münasibətlər son dövrlərdə daha kompleks və çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə keçid edib. Bu transformasiya beynəlxalq sistemdə baş verən dəyişikliklər, Cənubi Qafqaz regionunda yaranmış yeni siyasi reallıqlar və tərəflərin artan qarşılıqlı maraqları ilə şərtlənir. Nəticə etibarilə, Azərbaycan–Aİ əlaqələri yalnız siyasi bəyanatlarla məhdudlaşmır, əksinə, real iqtisadi və geosiyasi ehtiyaclara əsaslanan dayanıqlı və sistemli strateji tərəfdaşlıq modelinə çevrilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) professoru Boran Əziz deyib.
Onun sözlərinə görə, müasir mərhələdə Azərbaycanın Avropa İttifaqı üçün mühüm əhəmiyyəti yalnız enerji resursları ilə məhdudlaşmır. Ölkə Şərq ilə Qərb arasında mühüm geostrateji körpü rolunu oynamaqla yanaşı, Avrasiya məkanında etibarlı tranzit və logistika mərkəzi kimi çıxış edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etdirilən nəqliyyat-kommunikasiya infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın əhatə dairəsini genişləndirir. Bu baxımdan tərəflər arasında münasibətlər enerji sahəsi ilə yanaşı, ticarət, nəqliyyat, logistika və regional bağlantıların inkişafı istiqamətlərində də yeni məzmun qazanır.
Professorun sözlərinə görə, enerji təhlükəsizliyi Azərbaycan–Aİ münasibətlərinin əsas sütunlarından biri olaraq qalır. Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi daha da möhkəmlənib. Əməkdaşlıq son illərdə təkcə neft və qazla məhdudlaşmır. Artıq yaşıl enerji, külək və günəş kimi bərpaolunan mənbələr, elektrik enerjisinin ötürülməsi və ölkələr arasında enerji əlaqələrinin gücləndirilməsi kimi sahələri də əhatə edir. Bu da göstərir ki, tərəfdaşlıq daha davamlı və çox sahəli formaya keçib.
O vurğulayıb ki, Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və praqmatik yanaşma müxtəlif beynəlxalq aktorlarla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına şərait yaradır. Bu siyasət ölkənin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, regional təsir imkanlarını da artırır. Eyni zamanda, Avrasiyada yeni nəqliyyat və ticarət marşrutlarının formalaşması, xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması və logistik inteqrasiyanın dərinləşməsi Azərbaycanın tranzit potensialını daha da gücləndirir. Beləliklə, ölkənin geoiqtisadi əhəmiyyəti yüksəlir və bu amil Azərbaycan–Aİ münasibətlərinin gələcək inkişafı üçün əlavə imkanlar yaradır. Cənubi Qafqaz regionunda müşahidə olunan yeni geosiyasi dinamika da bu münasibətlərə birbaşa təsir göstərir. Sülh və sabitlik istiqamətində atılan addımlar regionun iqtisadi potensialını genişləndirərək onu beynəlxalq investisiyalar üçün daha cəlbedici məkana çevirir. Bu isə həm regional əməkdaşlıq imkanlarını artırır, həm də yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
“Azərbaycan–Aİ əlaqələri artıq çoxşaxəli tərəfdaşlıq modelinə çevrilərək enerji, nəqliyyat, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və regional təhlükəsizlik kimi geniş geoiqtisadi və geosiyasi çərçivə formalaşdırır. Mövcud dinamika göstərir ki, tərəflər arasında əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək və Avrasiya məkanında yeni balansın formalaşmasına töhfə verəcək”,- deyə professor əlavə edib.