Balakənin kənd yaşayış məntəqələrində təkrar dezinfeksiya işləri aparılıb
Balakən, 16 iyul, Mustafa Dadaşov, AZƏRTAC
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonu ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün son günlər rayonun Qazma, Hənifə, İtitala, Kortala, Püştətala və Talalar kəndlərinin ərazisində təkrar dezinfeksiya işləri aparılıb. Xüsusi texnikanın köməyi ilə kənddaxili yollar suya dezinfeksiyaedici məhlul qatılmaqla yuyulub.
Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, eyni zamanda, icra hakimiyyəti aparatının məsul əməkdaşlarından, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə üzvlərindən ibarət 25 mobil qrup gündəlik olaraq əhali arasında maarifləndirici təbliğat işlərini davam etdirir. Sakinlərlə karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı təbliğat xarakterli söhbətlər aparılır, onlara tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması, sanitar-gigiyena qaydalarına riayət edilməsi tövsiyə olunur.