Balakənli fermerlər indiyədək sahələrdən 389 ton yaş tütün yarpağı dəriblər
Balakən, 17 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Təsərrüfatçılar indiyədək sahələrdən 389 ton yaş tütün yarpağı dəriblər. Yığılan məhsulun 318 tonu “Virciniya botaniki”, 71 tonu isə yerli “İmmuniy” növlü tütündür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, sahələrdən yığılan “Virciniya botaniki” növlü yaş tütünün 191 tonu qurudulmaq üçün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilərək qurutma kameralarına yerləşdirilib. Yerli sort tütün yarpağı isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.
Bildirilib ki, Qazbinə kəndindən xanım fermer Ayparə Dadayevanın rəhbərlik etdiyi təsərrüfatda indiyədək sahələrdən 70 ton yaş tütün yarpağı yığılıb. Kortala kəndindən fermer Ceyhun Mərdanov bu günədək emal məntəqəsinə 22 ton, Talalar kəndindən İmran Cumayev 16 ton, Püştətala kəndindən Şamsu Bayramova isə 11 ton yaşıl tütün kütləsi təhvil verib.
Qeyd edək ki, bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 389,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 32,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər.