Banqladeşli parlamentari: Qlobal şəhərsalma təşəbbüsləri bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edir
Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunda ilk dəfədir iştirak edirəm və bu mötəbər tədbir mənim üçün son dərəcə əlamətdar bir hadisədir. Məlum olduğu kimi, qlobal miqyasda mənzil təminatı bu gün də ən aktual və ciddi problemlərdən biri olaraq qalmaqdadır. Dünyada milyonlarla insan hələ də sığınacaqdan məhrumdur və ya qeyri-kafi şəraitdə gecəqondularda yaşayır. Çox vaxt hökumətlərin və aidiyyəti qurumların bu insanlara daha layiqli həyat şəraiti bəxş etmək üçün resursları yetərli olmur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Banqladeş Parlamentinin üzvü Müşərrəf Hüseyn deyib.
O bildirib ki, WUF13 çərçivəsində irəli sürülən qlobal şəhərsalma təşəbbüsləri bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edir.
"Əgər dövlətlər, eləcə də bu sektorda fəaliyyət göstərən beynəlxalq donor təşkilatları həm ikitərəfli, həm də qlobal səviyyədə lazımi fondlar ayıraraq birgə təşəbbüslərlə çıxış etsələr, bu proses bəşəriyyətin gələcək rifahı, davamlı inkişafı və dünyada sülhün qorunması üçün çox effektiv bir addım olar", - deyə parlamentari əlavə edib.