Fərid Qayıbov: Azərbaycan gənclər və şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığı fəal şəkildə dəstəkləyir
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan gənclər və şəhər inkişafı məsələləri üzrə çoxtərəfli beynəlxalq əməkdaşlığı fəal şəkildə dəstəkləməyə davam edir. Paytaxt Bakı bu istiqamətdə mühüm platformaya çevrilərək, "D-8 Bakı Gənclər Bəyannaməsi"nin qəbulu ilə nəticələnən İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Gənclər Görüşünə ev sahibliyi edib. Gənclər forumu çərçivəsində biz, həmçinin gənclərin səsinin yerli səviyyədən qlobal səviyyəyə qədər daha geniş eşidilməsi istiqamətində çalışdıq. Bu istiqamətdə mühüm nümunələrdən biri də BMT-nin Məskunlaşma Proqramının dəstəyi ilə Türkiyə, Özbəkistan və Somali ilə birgə təşkil olunan "Şəhər innovasiyalarının genişləndirilməsi: ECOSOC Gənclər Forumu adlı tədbirdir. Forumdakı müzakirələr gənclərin şəhər idarəçiliyində və yerli qərar qəbuletmə proseslərində iştirakının təmin olunmasına güclü sadiqliyi nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Uşaqlar və gənclər" adlı dəyirmi masada çıxış edərkən deyib.
Nazir qeyd edib ki, tədbirdə, həmçinin münasib qiymətli və inklüziv mənzil həlləri üzrə gənclərin rəhbərlik etdiyi təşəbbüslərin dəstəklənməsi üçün strateji və əməkdaşlığa əsaslanan dialoqun əhəmiyyəti, eləcə də dayanıqlı şəhər inkişafı sahəsində gənclərin təşəbbüsü ilə həyata keçirilən innovasiyaları genişləndirmək üçün strateji investisiyaların artırılmasının vacibliyi vurğulandı: "Bu müzakirələr göstərir ki, gənclər yalnız şəhər idarəçiliyində iştirak etməyə deyil, həm də daha əlverişli, inklüziv və dayanıqlı şəhərlər üçün innovativ həllərə rəhbərlik etməyə hazırdırlar".