Beynəlxalq turizm proqramları meneceri: Davamlılıq sertifikatlarına marağın sürətlə artdığını müşahidə edirik
Bakı, 21 may, AZƏRTAC
Biz yalnız hotelləri və hostelləri deyil, həmçinin düşərgələri, kiçik yerləşdirmə obyektlərini, turistik məkanları, restoranları və konfrans mərkəzlərini də sertifikatlaşdırırıq. “Green Key” proqramının arxasında dayanan qurum Ətraf Mühit üzrə Təhsil Fondu adlı qlobal qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır və məqsədimiz ekoloji təhsil vasitəsilə davamlı inkişafı təşviq etməkdir. “Green Key” ilə yanaşı, “Blue Flag” adlı digər turizm proqramımız da mövcuddur ki, bu da davamlı çimərliklər üçün sertifikatlaşdırma proqramıdır.
AZƏRTAC xəbər verir ki, bunu beynəlxalq turizm proqramları meneceri Klaudiya Bogensperger Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada onlayn çıxışı zamanı deyib.
"Bizim uğurumuzun əsas səbəblərindən biri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən milli operatorlarımızdır. Azərbaycanda “EkoSfera Sosial-Ekoloji Mərkəzi “Green Key” proqramının milli operatorudur. Bununla yanaşı, dünya üzrə 55 ofisimiz fəaliyyət göstərir. Baş qərargahımız Kopenhagendə yerləşir və hazırda 90-dan çox ölkədə fəaliyyət göstəririk. Bu proqram xeyli sayda obyektləri əhatə edir. Əvvəlcə Avropada yaradılan proqram zamanla bütün dünyaya yayılıb. Bu gün Asiya, Afrika və Latın Amerikasında davamlılıq sertifikatlarına marağın sürətlə artdığını müşahidə edirik. Bu sahədə 30 ildən artıq fəaliyyət göstərən bir təşkilat olaraq bunu görmək bizim üçün çox sevindiricidir", - deyə K.Bogensperger deyib.