Norio Saito: Su təchizatı sistemləri qurularkən tullantı sularının idarə olunması nəzərə alınmalıdır
Bakı, 21 may, AZƏRTAC
Su təchizatı sistemləri qurularkən yalnız suyun təminatı deyil, tullantı sularının idarə olunması da nəzərə alınmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Asiya İnkişaf Bankının (ADB) Su təchizatı və şəhər inkişafı şöbəsinin rəhbəri Norio Saito Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib k, hər hansı infrastruktur sisteminin təkmilləşdirilməsi zamanı bərk tullantıların idarə olunması məsələsinə də diqqət yetirilməlidir.
“Çünki düzgün idarə olunmayan tullantılar həmin sistemlərin fəaliyyətinə maneə yarada bilər. Layiqli və əlverişli mənzil yalnız yaşayış sahəsi ilə məhdudlaşmır. Mənzil su, sanitariya və enerji kimi əsas xidmətlərlə təmin olunmadıqda tam dəyərli hesab edilə bilməz. Bu səbəbdən mənzil siyasəti ilə əsas xidmətlər arasında əlaqə xüsusi əhəmiyyət daşıyır”,- deyə diqqətə çatdırıb.