Palata sədri: Azərbaycanda əmlak vergisində hibrid modelin tətbiqi daha realist yanaşmadır
Bakı, 21 may, AZƏRTAC
İnkişaf etməkdə olan ölkələrdə daşınmaz əmlak vergisi üzrə daha realist yanaşma kimi hibrid modellər geniş yayılıb. Xüsusilə Asiya ölkələrində geniş tətbiq olunan bu modellərdə sahə göstəriciləri, zona əmsalları və bazar dəyəri elementləri birlikdə istifadə edilir. Belə yanaşma zəif bazar məlumatı və məhdud kadr potensialı olan ölkələr üçün daha uyğun və işlək mexanizm hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Nüsrət İbrahimov Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.
N.İbrahimov qeyd edib ki, beynəlxalq təcrübə inkişaf etmiş ölkələrdə daşınmaz əmlak vergisinin əsas modelinin məhz bazar dəyərinə əsaslandığını göstərir: “Bu yanaşmada vergi yükü əmlakın real iqtisadi dəyərinə uyğun müəyyən edilir və şəhər infrastrukturu nəticəsində yaranan əlavə dəyərin daha ədalətli bölüşdürülməsinə imkan yaradır”.
Qabaqcıl Avropa təcrübəsinə, xüsusilə Estoniya modelinə toxunan Palata sədri rəhbərlik etdiyi nümayəndə heyətinin həmin ölkəyə reallaşan səfərinin detallarını bölüşüb: "Biz təxminən bir il bundan əvvəl Estoniyada olduq. Orada Reyestr və Kadastr Komitəsi ilə görüşlər keçirdik və bizə bildirdilər ki, onların vergi sistemi getdikcə daha da təkmilləşir. Estoniyada binalara ayrıca vergi tətbiq olunmur, yalnız torpaq vergisi mövcuddur. Bununla yanaşı, ildə dörd dəfə zonalar üzrə orta qiymətlər yenilənir. Daha sonra həmin qiymətlər əsasında vergi mülkiyyətçilərə tətbiq edilir. Bu, kifayət qədər effektiv və işlək bir sistemdir".