Deputat: Dayanıqlılıq cəmiyyətin gündəlik davranış mədəniyyətində də əks olunmalıdır
Bakı, 21 may, AZƏRTAC
Dayanıqlı inkişafın uğurlu nəticə verməsi üçün hüquqi baza və qanunvericilik mexanizmlərinin müasir çağırışlara uyğun şəkildə daim təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə ekoloji təhlükəsizlik, yaşıl iqtisadiyyat, tullantıların idarə olunması və enerji səmərəliliyi ilə bağlı qanunvericilik təşəbbüslərinin genişləndirilməsi gələcəyimiz üçün strateji əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
"Dayanıqlılıq yalnız konsepsiya kimi yox, dövlət idarəçiliyində və qanunvericilik sistemində də əsas prioritetlərdən birinə çevrilməlidir. Hesab edirəm ki, dayanıqlılıq, eyni zamanda, cəmiyyətin gündəlik davranış mədəniyyətində də əks olunmalıdır", - deyə F.Yıldırım qeyd edib.