Norveçli tədqiqatçı: Gələcəyin şəhərlərində prioritet insanların rifahı olmalıdır
Bakı, 21 may, AZƏRTAC
Mənzil böhranı həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə davamlı şəhərsalmanın qarşısında duran əsas maneələrdən biridir. Bu səbəbdən əlçatan yaşayış məsələsinə daha çox diqqət yetirilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Norveç Elm və Texnologiya Universitetinin Memarlıq və Planlaşdırma Departamentinin baş tədqiqatçısı Van Yu bildirib. O qeyd edib ki, forumun “Əlçatan mənzil” mövzusu olduqca aktualdır və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır. Gələcəyin şəhərlərində prioritet insanların rifahı və yaşayış keyfiyyəti olmalıdır.
“Builki mövzu bizim şəhərlərin gələcəyi ilə bağlı hazırladığımız strategiyalarla tam uyğunluq təşkil edir. Burada olmaqdan çox məmnunam və forum çərçivəsində keçiriləcək növbəti müzakirələri səbirsizliklə gözləyirəm. Birgə çalışmalıyıq ki, şəhərlər bütün insanlar üçün dayanıqlı, təhlükəsiz və yaşamaq üçün əlverişli olsun”, - deyə o əlavə edib.