Ramil Cahangirov: Kəlbəcərdə bölgənin dağlıq relyefinə uyğun Alp üslubu tətbiq edilib
Bakı, 21 may, AZƏRTAC
İşğaldan azad olunmuş şəhərlərdə yenidənqurma işlərinin üslubuna baxılsa, bir-birindən fərqləndiyi, lakin bütün hallarda həmin şəhərlərin imicinə tam uyğun gəldiyi görünər.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzulu tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov deyib.
“Məsələn, Kəlbəcərdə bölgənin dağlıq relyefinə uyğun Alp üslubu tətbiq edilib. Əlbəttə, işğaldan əvvəlki dövrdə Kəlbəcərdə belə bir üslub yox idi, ancaq biz bu üslubun şəhərin imicinə, onu əhatə edən dağlara, landşafta yaraşdığının şahidi oluruq. Zəngilanda isə bu yaxınlarda ilk yaşayış məhəlləsi öz sakinlərini qarşılayıb və orada tikilən məktəb binasının unikallığı, maraqlı forması göz oxşayır. Ümumiyyətlə, bütün bu nümunələr düzgün planlaşdırma ilə yanaşı, üslubun, şəhərlərin xarici görünüşünün, ab-havasının nəzərə alındığını göstərir”, - deyə Ramil Cahangirov bildirib.