Dunja Kovari-Binggeli: Azərbaycanda qarşımıza qoyulan planları böyük zəhmət və fədakarlıqla reallığa çevirdik
Bakı, 21 may, AZƏRTAC
Bizə Azərbaycanın yenidənqurma planları təqdim olundu. Məqsədimiz geri qayıdanlar üçün təhlükəsiz və ləyaqətli həyat şəraiti təmin etmək idi. Biz işimizə hədəflə və planlarla başladıq, böyük zəhmət, fədakarlıq və sadiqliklə bunu reallığa çevirdik, bunu hazırda burada, Azərbaycanda müşahidə edirsiniz. Xidmətlərimizə strateji baş planlaşdırma, ərazilərin zonalaşdırılması, həmçinin detallı layihələndirmə işləri daxildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçrənin beynəlxalq şəhərsalma və ərazi planlaşdırılması agentliyi olan "sa_partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari-Binggeli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzulu tədbirdə deyib.
“Şərqi Zəngəzur və Qarabağın geniş ərazisi viran edilmişdi. Buna görə də ölkə miqyası və mürəkkəbliyi baxımından həqiqətən unikal olan genişmiqyaslı şəhərsalma işləri ilə üz-üzə qalmışdı", - deyə Dunja Kovari-Binggeli diqqətə çatdırıb.