Ketrin Mur: Təkrarlanan fəlakətlər qlobal mənzil böhranının bir hissəsinə çevrilib
Bakı, 21 may, AZƏRTAC
Hazırda milyonlarla insan səbəbkarı olmadıqları fəlakətlərin dağıntıları içində yaşayır və təhlükəsiz olmayan evlərdə məskunlaşmağa məcbur qalır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Landşaft Memarları Federasiyasının nümayəndəsi, Böyük britaniyalı ekspert Ketrin Mur BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Habitat Peşəkarları Forumu fəlakətdən sonra transformativ bərpa üçün yeni qlobal çərçivəni təqdim edir" mövzusunda brifinqdə çıxış edərkən deyib.
K.Mur diqqətə çatdırıb ki, 2023-cü ildə dünyada təxminən 400 fəlakət qeydə alınıb və bu hadisələr 100 milyona yaxın insana mənfi təsir göstərib. Onun sözlərinə görə, qlobal infrastruktur itkiləri hər il 700 milyard dolları ötür, 120 milyondan çox insan isə münaqişələr səbəbindən məcburi köçkün vəziyyətinə düşüb.
O vurğulayıb ki, təkrarlanan fəlakətlər qlobal mənzil böhranının ayrılmaz hissəsinə çevrilib. Təhlükəsiz və əlçatan mənzil tikintisi itirilmiş evlərin yerini doldurmağa kifayət etmir. Fəlakətlər xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşan əhali, qadınlar, yaşlılar, əlilliyi olan şəxslər və məcburi köçkünlər üçün daha ağır fəsadlar yaradır.
Böyük britaniyalı nümayəndə əlavə edib ki, landşaft yalnız vizual element deyil, insanların asılı olduğu əsas infrastruktur komponentidir. Onun sözlərinə görə, bataqlıqlar daşqınların təsirini azaldır, bitki örtüyü torpaq sürüşmələrinin qarşısını alır, su hövzələri isə su axınlarını tənzimləyir.
K.Mur şəhərsalma və bərpa prosesində memarların, mühəndislərin, hüquqşünasların, səhiyyə mütəxəssislərinin və digər peşə sahiblərinin roluna toxunaraq bildirib ki, onlar yalnız texniki icraçı deyil, həm də qərar qəbul edənlərlə insanlar arasında etibarlı vasitəçi rolunu oynayırlar.