“Başakşəhər” doğma meydanda “Bursaspor”u məğlub edib
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də futbol üzrə Türkiyə Superliqasının XXIII turunda lider “Başakşəhər” doğma meydanda turnir cədvəlində 15-ci pillədə qərarlaşan “Bursaspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda İstanbul təmsilçisi qalib gəlib. Qarşılaşmanın 17-ci dəqiqəsində “Başakşəhər”in yarımmüdafiəçisi Marsio Mossoro vurduğu qolla hesabı açıb. Görüşün 40-cı dəqiqəsində Edin Viska yenidən qonaqları mərkəzdən başlamağa məcbur edib. Oyuna son nöqtəni Demba Ba 90-cı dəqiqədə qoyub. Oyun 3:0 hesabı ilə bitib.
Digər İstanbul təmsilçisi “Qalatasaray” klubu “Akhisar Bələdiyəspor”la qarşılaşıb. Görüşdə yeganə qolu 95-ci dəqiqədə Konstantinos Mitroqlu vurub.
Bu qalibiyyət sayəsində “Başakşəhər” xallarının sayını 51-ə çatdıraraq turnir cədvəlində öz liderliyini qoruyub saxlayır. “Qalatasaray” isə 45 xalla ikinci pillədə qərarlaşıb.
Turun digər oyunlarında isə “Ankaragücü” öz meydanında “Erzurumspor”u minimal hesabla üstələyib 2:1. “Kayserispor” isə səfərdə “Konyaspor”u 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, XXIII turun yekun oyunu fevralın 25-də “Beşiktaş” və “Fənərbağça” arasında keçiriləcək.