“Bayraq mənliyimdir” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, istedadlarının üzə çıxarılması məqsədilə keçirilən “Bayraq mənliyimdir” rəsm müsabiqəsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər. Müsabiqəyə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən mükafatlandırma mərasimi ilə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman Nazirliyinin və Rəssamlar Birliyinin nümayəndələri Azadə Əliyeva və Nizami Alıyev rəsm nümunələrinin qiymətləndirmə meyarları haqqında danışıblar. Qeyd olunub ki, əlverişli yaradıcılıq mühitinin mövcudluğu gənc nəslin müxtəlif sahələrdə öz bilik və bacarıqlarını təkmilləşdirməsi üçün əlavə zəmin yaradır. Davamlı olaraq təşkil olunan foto və rəsm müsabiqələrinin məqsədi də onların fəaliyyətini stimullaşdırmaqdır.
Çıxışların ardınca mükafatlandırma olub. İlk üç yerdə və həvəsləndirici yerlərdə qərarlaşan iştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.
Nəticələrə gəlincə, münsiflər heyətinin ümumi qərarına əsasən ali təhsil müəssisələrinin tələbələri arasında Gülçin Yusifli (Naxçıvan Dövlət Universiteti) qalib olub. Qara Hüseynovla Fərqanə Seyidova ikinci yerə layiq görülüblər. Səfər Quliyev və Tənzilə İbadova üçüncülüklə kifayətləniblər.
Orta ixtisas müəssisələrinin tələbələri arasında isə Ruhanə Bədirli (Naxçıvan Tibb Kolleci) birinci olub. Saleh Şahbazovla Muxtar Həsənov ikinci sırada qərarlaşıblar. Cabbar Əliyev və Durna Əliyevaya məxsus rəsmlər isə üçüncü yerlə qiymətləndirilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Rəssamlar Birliyi tərəfindən birgə təşkil olunan müsabiqədə muxtar respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrindən, ümumilikdə, 50-ə yaxın tələbə iştirak edib.