BBC-nin Azərbaycanla bağlı yalan məlumat yayması onun ermənipərəst mövqeyini göstərir
Bakı, 6 sentyabr, AZƏRTAC
BBC kimi ermənipərəst media nümayəndələrinin əsası olmadan, qərəzli olaraq yalan məlumat yaymaqla beynəlxalq aləmdə Azərbaycanın hüquq pozan ölkə kimi qələmə vermək erməni mövqeyinə qulluqdan başqa bir şey deyil. Media haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycanın Konstitusiyasından, bu Qanundan, “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından, media sahəsini tənzimləyən ölkəmizin digər normativ hüquqi aktlarından, habelə dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycanın ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, ölkəmizin hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız respublikamızın ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Bu fikirləri Vəkillər Kollegiyanın üzvü Elvin Əliyev BBC-nin və onun Azərbaycan xidmətinin jurnalist etikasına laqeyd dəst-xəttini, belə hallara qarşı tədbirlərin görülməsini AZƏRTAC-a şərh edərkən deyib.
Onun sözlərinə görə, terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkəmizdə akkreditasiya olunmuş xarici jurnalistlərin və digər beynəlxalq media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti normativ hüquqi aktlarımız və dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir.
Media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində bir ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətəuyğun olmayan məlumatın təkzibini, düzəlişini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Elvin Əliyev qeyd edib ki, erməni diasporu münaqişənin dinamikasına təsir etməklə yanaşı, fəaliyyət göstərdikləri ölkələrdə təbliğat işi aparır və müxtəlif dövlətləri münaqişəni öz maraqlarına uyğun həllinə yönəltməyə çalışırdı. Təsadüfi deyil ki, SSRİ-də yeni yaranmaqda olan “hüquq müdafiə hərəkatı”, xüsusən “Memorial” təşkilatı Ermənistanın ərazi iddialarını birmənalı şəkildə müdafiə edib.
Vəkillər Kollegiyasının üzvü bildirib ki, bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyənləşdirilmiş hallarda məsuliyyət daşıyırlar. Media nümayəndələri həqiqətəuyğun olmayan, terroru dəstəkləyən, qərəzli və birtərəfli əsassız məlumatları yaymamalıdırlar. Dünya təcrübəsi göstərir ki, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, fikir və söz azadlığına hörmət, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması hər bir müasir demokratik dövlətin strateji prioritetlərindən birini təşkil edir. Bu kontekstdə milli media özünəməxsus rola və mühüm vəzifələrə malikdir. Söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, KİV nümayəndələrinin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması kimi faktorlar həm dövlətin, həm cəmiyyətin, həm də bu iki strateji təsisat arasında əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir.
“Konstitusiyada kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir. KİV-lərdə, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Qeyd etmək vacibdir ki, Azərbaycan dövləti bu hüququn təmini sahəsində konstitusion normalarla yanaşı, müvafiq qanunlar, milli fəaliyyət planları qəbul edib. Bunların sırasında informasiya əldə etmək haqqında Azərbaycanın Qanunu, Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planını və digər sənədləri göstərmək olar. İstər Azərbaycan mətbuatı, istərsə də beynəlxalq mətbuat yaydıqları məlumatın həqiqiliyi barədə tədqiqat aparmalıdır. Azərbaycanda baş vermiş qanun pozuntularına görə ölkəmizin qanunvericiliyinə uyğun və dövlətimizin tərəf çıxdığı beynəlxalq müqavilələrə əsasən məsuliyyət nəzərdə tutulub”, - deyə Elvin Əliyev vurğulayıb.