ELM VƏ TƏHSİL
BDU-nun bir qrup əməkdaşı Şuşaya səfər edib
![](/files/galleryphoto/2022/2/1200x630/16548561654856647332_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548561653619743490_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548561654616962365_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548561651389138951_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim və inzibati heyətinin bir qrupu Şuşaya səfər edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, səfər “Şuşa İli” çərçivəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi Şuşanı ziyarət etmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaq məqsədi daşıyıb.
Universitetin əməkdaşları Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəllərini, Qala divarlarını, Yuxarı Gövhər Ağa məscidini, Üzeyir Hacıbəyli bağını, Vaqif məqbərəsini, Bülbülün ev-muzeyini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrini, Cıdır düzünü ziyarət ediblər.
Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.
BDU əməkdaşlarının Şuşaya səfərləri mütəmadi davam edəcək.