ELM VƏ TƏHSİL
BDU-nun QS beynəlxalq reytinqində təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb
![BDU-nun QS beynəlxalq reytinqində təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb](/files/2023/1/1200x630/16777554906047412121_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) konsaltinq şirkətinin nümayəndəsi Veronika Omeni ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə E.Babayev BDU-nun yeni inkişaf strategiyasına uyğun olaraq aparılan islahatlar və həyata keçirilən layihələr barədə məlumat verib. O, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması üçün kifayət qədər potensialının olduğunu və BDU-nun bu istiqamətdə də böyük uğurlar əldə etdiyini vurğulayıb.
Qonaqla BDU-nun QS beynəlxalq reytinqində təmsil olunması ətrafında fikir mübadiləsi aparılıb. Rektor işəgötürənlərlə əməkdaşlığa, yüksək təsir əmsalına malik elmi jurnallarda dərc olunan məqalələrin keyfiyyətinə və sayına, tələbə mobilliyinə, reytinqli universitetlərlə təcrübə mübadiləsinə, əcnəbi təhsilalanların cəlbinə diqqətin artırılması istiqamətində BDU-da görülən işlər barədə qonağa məlumat verib.
QS reytinqinin əsaslandığı meyarlar üzrə daha çox və keyfiyyətli informasiya verilməsinin vacibliyinə diqqəti yönəldən Veronika Omeni universitetdə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirib. O, universitetlərin QS reytinq cədvəlində yer alması meyarlarını ətraflı şəkildə açıqlayıb, siyahıya daxil olmaq üçün vacib olan müraciət formaları və şərtlər haqqında məlumat verib. Bildirilib ki, QS reytinqi üzrə meyarlar bu ildən yenilənib və akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqalələrə olan istinadlara, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlər arasında olan nüfuza görə müəyyənləşdirilir.
Veronika Omeni bu ildən QS reytinqində məzunların işlə təmin olunması meyarına da ciddi önəm verildiyini qeyd edib, dayanıqlı inkişaf üzrə QS reytinqi haqqında da məlumat verib.
Sonda rektor E.Babayev QS ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və mütəmadi olaraq QS məsləhət qrupu tərəfindən BDU əməkdaşlarına təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Veronika Omeni əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımların atılacağını bildirib.