BDU tələbələrinin Mərkəzi Nəbatat Bağına ekskursiyası təşkil edilib
Bakı, 19 mart, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) Elm Gününə həsr olunmuş “Bitkiləri tanıyaq” mövzusunda ekskursiya təşkil edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Nəbatat Bağında keçirilən bu tədbir tələbələrin botanika sahəsində biliklərini artırmaq, bitki müxtəlifliyini tanıtmaq və təbiətə olan maraqlarını gücləndirmək məqsədi daşıyıb. Həmçinin tələbələrə bitki növlərinin ekologiyası və onların qorunmasının əhəmiyyəti haqqında daha dərindən məlumatlandırmaq olub.
Ekskursiyada Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev, “Xarıbülbül” Qızlar Klubunun sədri professor Fərayət Əhmədova və fakültənin müxtəlif kurslarından olan tələbələr iştirak ediblər. Ekskursiya zamanı tələbələr Azərbaycanın zəngin bitki örtüyü ilə daha yaxından tanış olub, bitkilərin mühafizəsi və ekosistemlərdəki rolunu öyrəniblər.
Dekan müavini Yusif Abiyev və Mərkəzi Nəbatat Bağının əməkdaşı dosent Ofeliya Qafarova tələbələrə bağın tarixi, əhəmiyyəti və burada yetişdirilən bitki kolleksiyaları haqqında ətraflı məlumat veriblər. Onlar, həmçinin yeni əldə edilmiş qızılgül sortları və dünya florasından gətirilmiş bitkilərin Azərbaycan şəraitinə adaptasiya prosesləri, nadir və endemik bitki növləri ilə tanış olublar. Onlar bitkilərin morfoloji xüsusiyyətləri, ekoloji tələbləri və mühafizə tədbirləri barədə maraqlı məlumatlar təqdim ediblər.
Professor Fərayət Əhmədova ekskursiyanın sonunda tələbələrə təbiəti qorumağın və bitki müxtəlifliyinin əhəmiyyətini vurğulayıb. O, belə tədbirlərin gənc biologiya mütəxəssislərinin formalaşmasında mühüm rol oynadığını və onların elmi tədqiqatlara olan marağını artırdığını qeyd edib.