Belarusda Müstəqil Dövlətlər Birliyinin bir sıra tədbirləri keçiriləcəkdir
Minsk, 3 iyun (AZƏRTAC). Belarus Respublikasının paytaxtında, MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu həftə Birlik səviyyəsində bir sıra tədbirlər keçiriləcəkdir.
İyunun 5-də Minskdəki “Prezident-otel”də MDB iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının iclası keçiriləcəkdir.
Tədbirin gündəliyinin layihəsinə iyirmiyə yaxın məsələ daxildir. Təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının üzvləri iri beynəlxalq tədbirlər keçirilən vaxt təhlükəsizliyin təmin edilməsi, beynəlxalq terrorizmə və ekstremizmə, informasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizədə xüsusi xidmətlərin əməkdaşlığı məsələlərini müzakirə edəcəklər.
İyunun 5-6-da Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik üzvü olan dövlətlərin onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində əməkdaşlığı konsepsiyası layihəsini razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.
Konsepsiyaya əsasən, onkoloji xəstəliklərə qarşı mübarizəyə yönəlmiş bəzi təşkilati və praktiki tədbirlər, o cümlədən əhalidə xərçəngə sağalan xəstəlik kimi münasibət formalaşdırılması və bu sahədə məlumatlılıq səviyyəsinin yaxşılaşdırılması üçün “Xərçəng sağalan xəstəlikdir” adlı tədbirlər kompleksinin işlənib hazırlanması və tətbiqi, siqaret çəkməyə qarşı mübarizə, tütün məmulatlarının reklamının qadağan edilməsi, tütün məmulatı üçün vergilərin artırılması, siqaret çəkməyə qarşı mübarizə üzrə ictimai təşkilatlar yaradılması, istehsal sahəsində kanserogen amillərin zərərli təsirinə, alkoqollu içkilərdən sui-istifadəyə qarşı mübarizə məsələləri nəzərdə tutulur.
İyunun 6-da “Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq Mərkəzində “Sərhədsiz dostluq” şüarı altında beynəlxalq gənclik forumu start götürəcəkdir. Bu forum iyunun 14-də başa çatacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk