Belaruslu jurnalist: Azərbaycan III MDB Oyunlarına yüksək səviyyədə hazırlaşıb VİDEO
Göygöl, 29 sentyabr, AZƏRTAC
Azərbaycan MBD Oyunlarının keçirilməsi estafetini mənim doğma vətənim Belarusdan qəbul edib. Ölkənizə bu möhtəşəm idman tədbirinin təşkili ilə bağlı uğurlar, bol enerji və ən xoş arzularımı çatdırmaq istərdim. Arzu edirəm ki, bu multiidman yarışından təşkilatçılar, könüllülər və idmançılar zövq alsınlar. Hər şey problemsiz keçsin.
Bu sözləri AZƏRTAC-a açıqlamasında III MDB Oyunlarını izləməyə gələn belaruslu jurnalist Kristina Kamyişi deyib.
Belarus Respublikasının Milli Dövlət Teleradio Şirkətinin əməkdaşının sözlərinə görə, burada hər şey yüksək səviyyədə təşkil olunub: "Mən artıq bazar günü keçirilmiş açılış mərasimində iştirak etmişəm. Bununla yanaşı, Göygöl, Qəbələ və əlbəttə ki, Gəncə şəhərlərini də ziyarət etmişəm. Hazırda hər şey çox yüksək səviyyədə təşkil olunub. Bizi çox səmimi qarşılayırlar və diqqətlə yanaşırlar. Ümid edirəm ki, bu ruh və gözəl atmosfer Oyunların sonuna qədər davam edəcək".
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.