Belçika parlamentinin deputatı Alan Kurtua: Ermənistanın BMT qətnamələrini yerinə yetirməməsi qəbuledilməzdir
Bakı, 19 noyabr (AZƏRTAC). Belçika parlamentinin deputatı Alan Kurtua Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Azərbaycanda tolerantlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırmışdır.
AAC-dan AZƏRTAC-a bildirilmişdir ki, A.Kurtua mədəni müxtəlifliyə malik Azərbaycanda yüksək dini və etnik tolerantlıq mühitinin olduğunu vurğulamışdır. O demişdir ki, bu baxımdan Azərbaycan Belçika üçün örnək ola bilər.
A.Kurtua bildirmişdir ki, 20 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına, iqtisadi, coğrafi və mədəni potensialından tam bəhrələnməyə əngəl törədir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin hələ də Ermənistan tərəfindən icra edilməməsi qəbuledilməzdir. İstənilən konstruktiv danışıqlar beynəlxalq hüququn prinsipləri əsasında aparılmalıdır. Ermənistan bu beynəlxalq çərçivə ilə razılaşmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
A.Kurtua beynəlxalq ictimaiyyəti münaqişənin həllinə biganə yanaşmamağa, Azərbaycanın qaçqın və məcburi köçkün probleminə diqqət yetirməyə çağırmışdır.