SİYASƏT
Bələdiyyə seçkilərində qadınların fəallığının artırılmasına həsr olunmuş regional görüş
Gədəbəy, 24 iyul (AZƏRTAC, Sabir Əliyev). İyulun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Gədəbəy şəhərində Azərbaycanın regionlarında bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılmasına həsr edilmiş regional görüş keçirildi.
AZƏRTAC xəbər verir ki, görüşdə AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanovanın bələdiyyə seçkilərində qadınların elektorat fəallığının artırılması, onların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılmaları, dövlət qadın siyasətinin əsas istiqamətlərindən birinə-qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyinin yüksəldilməsi, gender bərabərliyi, Dövlət proqramlarının icrasında qadın fəallığı, dövlət qulluğunda qadınların yeri və s. məsələlərlə bağlı məruzəsi dinlənildi.
Qeyd edildi ki, ölkəmizdə qadın siyasəti dövlətimizin əsas prioritet sahələrindəndir. Daim diqqət mərkəzində olan qadınların ictimai fəallığının artırılması üçün bir sıra uğurlu addımlar atılıb. Bu gün cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadın nəfəsi duyulmasın. İndi Azərbaycan qadını analıq missiyasını yerinə yetirməklə yanaşı, dövlətin idarə olunmasında fəallıqla iştirak edən bir məmurdur. Dövlətimizin başçısı tərəfindən bu sahədə imzalanan bir sıra sərəncamlar qadınların ictimai fəallığı üçün geniş imkanlar açmaqla yanaşı, onların bacarıqlarının üzə çıxarılması üçün stimul yaradır.
Görüşdə Goranboy rayon Goranlı kənd bələdiyyəsinin sədri Şümşad İmamverdiyeva, Göygöl Rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təşkilatının sədri Dilarə Mövlayeva, Samux rayon Çobanabdallı kənd bələdiyyəsinin sədri Sveta Aslanova, YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Esmira Şirinova və Naftalan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Cəmilə Məmmədova çıxış edərək müzakirə olunan mövzu ətrafında fikirlərini açıqladılar.
Görüşün sonunda AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova iştirakçıların suallarını cavablandırdı.