“Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib
Bakı, 18 oktyabr, AZƏRTAC
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Sənəd layihəsində təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi məqsədilə hazırlanıb. Ümumilikdə hər iki qanunun 37 maddəsində dəyişiklik nəzərdə tutulub. Belə ki, sənəddə epidemiya əleyhinə rejim, sanitar gigiyena və karantin rejimi olduqda bələdiyyə iclaslarının onlayn formatda keçirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb.
Digər məsələ bələdiyyələrə keçirilən seçkilərdən sonra ilk bələdiyyə iclaslarına ən yaşlı bələdiyyə üzvünün sədrlik etməsidir. Bununla yanaşı, hesabatların onlayn qaydada təqdim olunması, bələdiyyə qərarlarının onların öz saytında yerləşdirilməsi, araşdırmaların aparılması ilə bağlı müddətlərə dair məsələlər də nəzərdə tutulur.