Bərdədə abadlıq-quruculuq işləri davam etdirilir
Bərdə, 3 fevral, AZƏRTAC
Bərdə rayonunda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilin əvvəlində dövlət vəsaiti hesabına Bərdə şəhərinin Babək, Şəhriyar və Q.Zakir küçələri asfaltlanıb.
Hazırda N.Quliyev küçəsində hasarlar üzlənir, küçənin asfaltlanması, darvazaların rənglənməsi, səkilərin tikilməsi üçün tədbirlər görülür. Elçin Əsədov küçəsi müasir memarlıq üslubunda yenidən qurulur. Küçəyə asfalt salınır, hasarlar suvanaraq rənglənir, səkilər tikilir. Küçədəki evlərin darvazaları rənglənəcək və küçəyə gecə işıqlandırılması veriləcək. H.Aslanov küçəsində və Tərtər rayonu istiqamətində yolda gecə işıqlandırılmasında yaranmış nasazlıqlar aradan qaldırılır. Aydın Əhmədov küçəsində hasarlar tikilir, hasarların aqlay daşı ilə üzlənməsi və səkilərin tikilməsi həyata keçirilir. H.Əliyev prospektindəki 156 saylı beşmərtəbəli kommunal yaşayış binasının dam örtüyü yenidən tikilir, binanın fasadının təmiri üçün tədbirlər görülür.