Bərdədə fermer və aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirilib
Bərdə, 30 yanvar, AZƏRTAC
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Bərdə rayonunun Kələntərli kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisin, eləcə də Bərdə Bitki Mühafizə Xidmətinin nümayəndəsinin iştirak etdiyi təlimdə ara məsafələri qorunub, tibbi maskalardan istifadə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov təlimin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, təlimin məqsədi payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, alaqlara, zərərvericilərə, xəstəliklərə qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsinin, eləcə də yemləmə gübrələrinin verilməsinin gələcək məhsuldarlıq üçün önəmini onların diqqətinə çatdırmaqdır. Həmçinin yazlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi, dondurma şumunun vaxtında və lazımi dərinlikdə aparılmasının, aratın yüksək səviyyədə təşkil olunmasının, sahələrin quzapayından təmizlənməsinin nə üçün gərəkli olduğu barədə təsərrüfat sahiblərinə məlumat verməkdir.
Bəhruz Nəzərov fermerləri mütəxəssislərin elmi-nəzəri və təcrübi biliklərindən yararlanmağa, dünyada geniş yayılan innovativ texnologiyaları təsərrüfatlarında tətbiq etməyə, yeni səpin, becərmə üsullarına, xəstəlik və zərərvericilərə qarşı tətbiq edilən mübarizə metodlarına, gübrələmə sistemlərinə və eləcə də gübrə normalarına əsaslanaraq, düzgün aqrotexniki qulluq işləri aparmağa, müasir suvarma sistemlərindən istifadə etməyə çağırıb.
Təlimdə Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri “Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” və “Payızlıq taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi və yazlıq əkinlərinə hazırlıq işlərinin təşkili” mövzularında təsərrüfat sahibləri ilə söhbətlər aparıblar.
Təlimçi Bayram Əliyev payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq işləri, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarına əməl olunması haqqında geniş məlumat verib, taxıl bitkisinin məhsuldarlığına müsbət təsir edən aqrotexniki tədbir olan tirəli səpin üsulunun üstünlüklərini fermerlərin nəzərinə çatdırıb. Taxıl sahələrində gəmiricilər və digər zərərvericilərə qarşı daim mübarizə aparılmasının, kimyəvi preparatlarla işləyərkən əlcək, eynək, respirator və qoruyucu geyimlərdən istifadə etməklə təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini vurğulayıb.
Yazlıq əkinlərinə hazırlıq işlərinin təşkilindən danışan Mərkəzin baş aqronomu Alim Əliyev aqrokimyəvi analiz üçün torpaq nümunələrinin götürülərək laboratoriyada analiz etdirilməsinin vacibliyindən, qış aratının aparılmasının torpaq strukturunun keyfiyyətinin yaxşılaşdırılması, zərərverici və xəstəliklərin aradan qaldırılması baxımından əhəmiyyətindən danışıb. Tirəli səpin üsulunun üstünlükləri, damlama suvarma və digər süni suvarma sistemlərinin əhəmiyyəti barədə məlumat verib.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.