BƏRDƏDƏ OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİ
BƏRDƏ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ELMAN ALLAHVERDİYEVİN ÇIXIŞI
Hörmətli mərasim iştirakçıları!
Bu gün bərdəlilərin sevincinin həddi-hüdudu yoxdur. Azərbaycan Respublikasının Baş naziri, cənab Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı hörmətli İlham Əliyev yenidən Bərdə torpağına gəlmişdir.
Hörmətli cənab Baş nazir, bu gözəl gündə rayon ictimaiyyəti adından Sizə “Xoş gəlmisiniz!” deyirik. Dərin razılıq hissi ilə bildiririk ki, Bərdəni gözəlləşdirən möhtəşəm bina inşa olunmuşdur. Bu, hörmətli Baş nazirimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə tikilmiş və açılış mərasiminə toplaşdığımız Olimpiya idman kompleksidir.
Cənab İlham Əliyev, Siz bu Olimpiya idman kompleksi ilə Bərdə torpağında tarixi izinizi qoydunuz. Əsrlər ötəcək və bu binaya Sizin yadigarınız kimi baxılacaqdır.
Hörmətli Baş nazir! Rayona qaz verilməsi barədə bərdəlilərin Sizə müraciəti də nəzərə alınmış, məsələ həll olunmuşdur. Son vaxtlar möhtərəm Prezidentimiz Heydər Əliyevin qayğısı nəticəsində və Sizin birbaşa rəhbərliyinizlə rayonda abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.
Cənab İlham Əliyev, bütün respublikada olduğu kimi, Bərdə rayonunda da prezident seçkilərinə fəal hazırlıq gedir, bərdəlilər cənab Heydər Əliyevin siyasi xəttini həmişə dəstəkləmişlər. Heydər Əliyev siyasətindən bəhrələnən xalqımız gözəl nailiyyətlər əldə etmişdir və öz gələcəyinə ümidlə baxır. Bu gələcək isə cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın gələcək xoşbəxtliyinin təminatçısı İlham Heydər oğlu Əliyevə eşq olsun!
Yaşasın yeni Azərbaycan quruculuğunun memarı möhtərəm Prezidentimiz Heydər Əliyev!
Yaşasın müstəqil Azərbaycan Respublikası!