Berndəki anım mərasimində Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən səfir Əkrəm Zeynallı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ümummilli Lider dövlətimizi, xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarıb, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən edib, onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Məhz bu işlərin bəhrəsidir ki, xalqımız öz dahi oğlunu unutmur, nəinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda Ulu Öndərin əziz xatirəsi silsilə tədbirlərlə yad edilir.
Azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qoyan Ulu Öndərin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafındakı roluna xüsusi diqqət yetirən Əkrəm Zeynallı onun müəyyənləşdirdiyi daxili və xarici siyasət sayəsində Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutduğunu vurğulayıb.
Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün etibarlı əllərdə olduğunu qeyd edən səfir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Səfir ölkəmizin bütün sahələrdəki sürətli inkişafının əsasında Heydər Əliyev uzaqgörənliyinin, dahiliyinin və yüksək amallarının dayandığını qeyd edib.
Daha sonra qonaqlara Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verən Ə.Zeynallı Fondun öz çoxşaxəli fəaliyyəti ilə Ulu Öndərin yüksək amallarını yaşatdığını vurğulayıb.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli film nümayiş etdirilib.
Tədbir iştirakçıları Fransadan dəvət olunmuş “Accord Parfait” simli kvartetinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının klassik əsərlərini dinləyib, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi ilə tanış olublar.
Anım mərasimində İsveçrədəki Azərbaycan və türk diasporunun üzvləri, diplomatik korpusun nümayəndələri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.